KÖŞƏ

Taleh Bağırov

AXCP-də növbəti narazılıqlar başlayır

18 oktyabr 2016 22:15
2843

Dağıdıcı müxalifət partiyası olan AXCP-də növbəti istefalar dalğası qapını döyməkdədir. Ən azından mətbuatda və sosial şəbəkələrdə yazılanlar belə deməyə əsas verir. Belə ki, partiyanın Ali Məclisinin sonuncu sessiyasında mərhum Həsən Kərimovun yerinə Nurəddin Məmmədlinin Ali Məclisin sədri seçilməsi partiyadaxili qalmaqalların yeni mərhələsini başladıb. Məsələ ondadır ki, müəyyən “cəbhəçi”lər N.Məmmədlinin Ali Məclisin sədri vəzifəsinə seçilməsini xəyanət hesab edirlər. Çünki bu posta məhz N.Məmmədlinin gətirilməsi kimsənin ağlına gəlmirdi. Ehtimal olunan namizədlər arasında adları daha çox hallandırılanlar Natiq Ədilov, İlham Hüseyn, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və Seymur Həzi idi. Amma deyəsən Əli Kərimli yenə kimlərləsə oyun oynayır. Çünki burada söhbət yalnız kimin Ali Məclisin  sədri postuna gətirilməsindən deyil, həm də Ə.Kərilminin öz yerini nə qədər möhkəmləndirməsindən gedirdi. Belə ki, son illərdəki uğursuzluqlar, xüsusilə, AXCP-nin qurultayından sonra yaranan kəskin narazılıqlar da belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradırdı. Bir sözlə, hələlik Əli Kərimli özü üçün lazım olanı etdi. Bəs sonra, bu gözlənilməs addım partiyaya hər hansı yenilik gətirəcəkmi?

Heç inandırıcı deyil. Çünki yayılan xəbərlərdən də görünür ki, AXCP-də yaşanan kəskin narazılıq mühiti tam sürətlə yeni mərhələyə keçir. Gözlənilən ondan ibarətdir ki, N.Məmmədlinin Ali Məclisin sədri olmasını istəməyənlər revanş götürməyə məcbur olacaqlar. İlk növbədə, Ə.Kərilminin müavini G.Bayramlı özünə yaxın ətrafı ilə planlar üzərində işləyir. Məlum olduğu kimi, AXCP-nin qeyri-rəsmi maddi gəlir mənbəyinə məhz G.Bayramlı nəzarət edir. Artıq dəfələrlə bildirilib ki, bu qadın müəyyən biznes əməliyyatlarında Əli Kərimli ilə şərikdir. Oradan əldə edilən gəlirlər isə ciblərlə yanaşı, AXCP-nin bəzi qaranlıq ehtiyaclarına xərclənir. Bu barədə vaxtilə AXCP-də fəallığı ilə seçilən, lakin sonradan partiyadan istefa verən Razi Nurullayevin sırasına qatılaraq alternativ AXCP-də təmsil olunan şəxs bildirib. Adının açıqlanmasını istəməyən bu şəxs bildirib ki, hətta belə bir biznes ortaqlığında AXCP sədrinin G.Bayramlıya etimad göstərməməsinin arxasında digər məqamlar dayanır. Burada ən əsası G.Bayramlının AXCP sədrliyinə iddialı olmasıdır ki, bunu Ə.Kərimli çox yaxşı bilir və belə bir riskə heç vaxt yol verməz. Belə olan halda G.Bayramlı və adları çəkilən digər fuksionerlərin istefa vermək ehtimalları gündəmə gəlir. Bununla bağlı onlar müəyyən narazılıqlarını büruzə versələr də, qəti addım atmağa tələsmirlər. Çünki Ə.Kərimli situasiyanın daha da gərginləşməməsi üçün onların qarşısında müəyyən öhdəliklər götürə biləcəyi mesajını verib. Hər halda zaman hər şeyə aydınlıq gətirəcək.