KÖŞƏ

Taleh Bağırov

Dağıdıcılar daha çox dağıtmağa meyillidirlər

17 fevral 2016 14:41
2474

Müsavat Partiyasının başqanlığına keçmiş namizəd, partiyanın hazırkı Divan üzvü Tural Abbaslı may ayında partiyadan kollektiv surətdə istefa verəcəklərini bildirib. O, bu addıma səbəb kimi həm Müsavatın gələcəyini qaranlıq görməsi, həm də yeni yaradacağı partiyanı göstərib.  T.Abbaslı bildirib ki, həmtəsisçisi olduğu “Ağ blok”un partiyaya çevrilməsi barədə artıq ilkin qərar verilib və qurultayda isə bu rəsmi şəkildə elan olunacaq: “Bizim əsas məqsədimiz ondan ibarətdir ki, tam qeydiyyatlı siyasi partiya olaraq fəaliyyət göstərək. Buna görə də blokun may ayında keçiriləcək qurultayından sonra qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyi düşünürük. Bloku partiyaya çevirəcəyik”.

T.Abbaslı ətrafındakıların adlarının Müsavat Partiyası sıralarında olsa da, faktiki olaraq tam ayrı siyasi qüvvə kimi fəaliyyət göstərdiklərini bildirib: “Biz yalnız kağız üzərində Müsavat üzvü sayılırıq. Qurultay ərəfəsində hamımız Müsavat Partiyasından istefa verəcəyik. Qanunvericilikdə də bir şəxsin iki partiyada təmsil olunması qadağandır”.

Hazırda təmsil olunduğu partiyanın gələcəyi haqqında da danışan yeni partiya yaratmaq həvəskarı Müsavatı, necə deyərlər, “ağ yuyub qara sərib”: “Düşünürəm ki, onlar hazırkı idarəetmə sistemi ilə heç nəyə nail ola bilməyəcəklər. Bunu geridə qoyduğumuz 22 ilə dönüb baxanda açıq-aydın görmək olur. Belə davam edəcəyi halda isə nəsə bir yenilik olacağını zənn etmirəm. Əksinə, uzun illərdir minlərlə fədakar müsavatçıların mübarizəsi hesabına əldə olunmuş siyasi nüfuzu qısa zamanda tükədəcəklər. Hazırkı rəhbərlik qrup maraqlarından çıxış etdiyi üçün demokratik metodla idarə olunan Müsavatın imicinə zərbə vurur. Bu vəziyyətdən yeganə çıxış yolu bütün narazı tərəfləri birləşdirəcək, idarəçilikdəki naqislikləri aradan qaldıracaq, partiyadaxili demokratiyanı bərpa edəcək növbədənkənar qurultay keçirməkdir. Bu isə çox az reallaşa bilən ehtimaldır”.

Görünən isə odur ki, dağıdıcı müxalifət aləmi son illər adı olub özü olmayan belə birliklərin, blokların bolluğuna düşüb. Ən azından yaxın tarix belə hallara çox şahidlik edib. Yadınızdadırsa hələ 2010-cu ildə keçirilən parlament seçkiləri öncəsi müxalif partiyalar birləşmək və seçkilərə birgə getmək barədə danışıqlar aparmağa başladılar. Nəticə fiasko ilə sonuclandı. Sonra “Azadlıq” bloku eyni aqibətlə üzləşdi. Sonra “Ziyalılar Forumu” yarandı və yox oldu. Bunun ardınca dağıdıcı müxalif partiyalar “İctimai Palata” adı altında birləşməyə səy göstərdilər. Nəticə yenə eyni oldu. Son olaraq isə “Milli Şura” yaratmışdılar. Lakin zaman göstərdi ki, dağıdıcılar adlarına uyğun olaraq yaratmağa yox, dağıtmağa daha çox meyillidilər. İndi növbə “Ağ blok”undur. “Ağ blok”un üzünün ağ, ya qara olacağını zaman göstərəcək...