KÖŞƏ

Sevinc Azadi

İqtisadi islahatlar sabitlik və sosial rifahın təminatıdır

31 may 2020 19:42
2108

Bu gün regional inkişafda, iqtisadiyyatın sürətləndirilməsində və şaxələndirilməsində aqrar sektor aparıcı rol oynayır və bu sahədə həyata keçirilən tədbirlər çoxşaxəlidir, diqqət qarşıda duran vacib məsələlərin həllinə yönəldilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda diqqəti qeyri-neft sektorunda artımın 14 faizdən çox olmasına, 98 min iş yerinin yaradılmasına yönəltməklə bu sahədə kiçik və orta sahibkarlığın inkişafını, biznes mühitinin yaxşılaşmasını mühüm amil kimi qeyd etmiş və bildirmişdir ki, burada aqrar sektor əsas yer tutur.

Dövlət başçısı, hökumət tərəfindən kənd təsərrüfatına, sahibkarlara göstərilən dəstək hərtərəflidir. Bu, güzəştli kreditlərin verilməsində, vergilərdən azad olmada, yeni subsidiya mexanizminin tətbiqində, istehsal olunan məhsulun dəyərinin vaxtında ödənilməsində, yeni texnologiyaların, təcrübənin işə tətbiq olunmasında özünü göstərir. İstehsalın artımı başqa sahələrin inkişafını, xüsusilə emal sənayesinin yaradılmasını zərurətə çevirir. Üzümçülüyün, baramaçılığın, pambıqçılığın, tütünçülüyün, eləcə də digər sahələrin inkişafı bunu tələb edir. Prezidentimiz bu məsələlərə aydınlıq gətirərək deyir: “Kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir. Təkcə keçən il üzüm tədarükü 34 min ton artıbdır. Bu, birbaşa şərabçılıq sənayesini yaradır... o cümlədən tütünçülük... baramaçılıq da həmçinin. Pambıqçılıq birbaşa emal sənayesini şərtləndirir. Tərəvəzçilik də həmçinin”.

Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbulu zamanı bu məsələlərə toxunub. Bildirib ki, kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahə olaraq qalır: “İndiki şəraitdə kənd təsərrüfatının müasir üsullarla inkişafı ilə əlaqədar çox geniş proqramlar icra edilir. Bu sahədə də yerli icra orqanlarından çox şey asılıdır. Ona görə, müvafiq dövlət qurumları ilə birlikdə kənd təsərrüfatının inkişafı ilə bağlı işlər görülməlidir, insanlar işlə təmin edilməlidir, məhsuldarlıq artmalıdır və kənd təsərrüfatının inkişafını şərtləndirən bütün amillər təmin edilməlidir, o cümlədən suvarma suyunun ədalətli bölüşdürülməsi məsələsi.”

Dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və emal sektorunu formalaşdırmaq yol xəritəsində nəzərdə tutulan 9 strateji hədəfin reallaşdırılmasına xidmət edir və hər bir hədəf üçün prioritet istiqamətlər müəyyən olunmuşdur. 2016-2020-ci illəri əhatə edən bu hədəflər, ilk növbədə, kənd təsərrüfatının elmi əsaslarla idarə edilməsini, ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsini, istehsal vasitələri bazarının inkişafını, maliyyə çıxışının asanlaşdırılmasını, elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsini, məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsini, bazara çıxışın sadələşməsini, təbii resurslardan dayanıqlı istifadə mexanizminin formalaşdırılmasını, biznes mühitinin təkmilləşdirilməsini və kənd yerlərində rifahın yüksəldilməsi məsələlərini əhatə edir.

Ölkə əhalisinin təxminən yarısının kənd rayonlarında yaşadığını və bilavasitə çoxunun kənd təsərrüfatı ilə məşğul olduğunu nəzərə alsaq, bu sahəyə diqqət və qayğının artırılmasının vacibliyini, onun ərzaq təhlükəsizliyinin təmin olunmasındakı rolunu aydın görərik. Aqrar sahənin inkişafını ancaq dövlətin üzərinə atmaq olmaz, çünki əkinə yararlı, məhsuldar torpaq sahələrinin əksər hissəsi bu gün insanların sərəncamındadır. Bu torpaqlardan səmərəli istifadə etmək, əkmək, becərmək, qorumaq, növbəli əkin sistemi tətbiq etmək, pay torpaqlarını birləşdirib iri təsərrüfatlar - kooperativlər, kooperasiyalar yaratmaq, suya, texnikaya, vəsaitə qənaət etmək sahibkarların vəzifəsidir. Dövlətimiz sahibkarlara əlavə kömək göstərir, güzəştli kreditlər, subsidiyalar verir, onları texnika, gübrə və digər vasitələrlə təmin edir, hüquqlarını qoruyur, çətinlikləri aradan qaldırmağa köməklik edir. Son illərin nəticələri göstərir ki, aqrar sahədə çalışan kənd əməkçiləri, sahibkarlar, mütəxəssislər, müvafiq orqanların rəhbərləri kənd təsərrüfatının inkişaf etdirilməsində çox maraqlıdırlar və həyata keçirilən mühüm tədbirlər də bunu sübut edir.