KÖŞƏ

Sevinc Azadi

Satqınların erməni sevdası

29 iyul 2020 10:46
5890

Dövlətə və xalqına xəyanət yolunu tutanlar ermənilərdən daha pis və təhlükəlidirlər

Tovuz döyüşləri Azərbaycan cəmiyyətindəki milli həmrəyliyin, vətənpərvərlik hisslərinin, xalqımızın, əsl sərkərdə qətiyyəti ilə qələbəni təmin edən Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin təsdiqi oldu. İyulun 14-də Bakıda keçirilən yürüş xalqımızın öz rəhbərinə və ordumuza dəstəyinin, məhəbbətinin ifadəsi idi. Bu yürüş həm də Azərbaycan gəncliyinin yüksək vətənpərvərliyinin və Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olmasının tarixi təcəssümünə çevrildi. Təsadüfi deyil ki, bu gün Azərbaycanda və bütün dünyada yaşayan soydaşlarımız arasında görünməmiş milli birlik və həmrəylik nümayiş olunur. Uzun müddət içimizdə yığılan müsbət enerji, vətən sevgisi və torpaqlarımızın işğaldan azad etmək istəyi vulkan kimi üzə çıxdı, düşmənin son təxribatları bu vulkanın püskürməsində qığılcım rolu oynadı. Soydaşlarımız harada yaşamasından asılı olmayaraq ürəkləri vətənlə döyünür, bütün məsələləri və maraqları kənara qoyub dövlətinə və torpağına sahib çıxırlar.

Bu baxımdan ölkənin bütün siyasi partiyalarının, qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin, sosial şəbəkə istifadəçilərinin, bir sözlə, hamının (5-ci kolon funksiyasını yerinə yetirən milli şura və ətrafındakı marginal qruplar, eləcə də xaricdəki antimilli şəbəkədən başqa) bu gün Ali Baş Komandan cənab İlham Əliyevin və milli ordumuzun ətrafında sıx birləşməsi, belə çətin və həssas məqamda milli maraqlarımızı hər şeydən üstün tutması, küçələrə çıxıb torpaqlarımızın işğalda qalması ilə barışmayacaqlarını bütün dünyaya nümayiş etdirməsi xüsusilə təqdirəlayiqdir.

Sevindirici haldır ki, Ali Baş Komandanın bir çağırışına səs verən 50 000-dən çox vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar. Bu bir tərəfdən insanların yüksək vətənpərvərlik hisslərindən, torpaqlarımızın işğaldan azad olunması və qorunması üçün hər cürə fədakarlığa hazır olmasından xəbər verirsə, digər tərəfdən də dövlətə, Ali Baş Komandana olan inam və etimaddan qaynaqlanır. Bu bir daha göstərir ki, xalqımız torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa hazırdır və bir qarış belə torpağımız düşmənə verilməyəcək. Buna görə gənclərə təşəkkürünü bildirən Prezident İlham Əliyev deyib: “Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci”.

Lakin təəssüf hissi ilə qeyd edək ki, antiazərbaycançı şəbəkə Ermənistanın təxribatının ilk vaxtlarından öz mənafeyi naminə istifadə etməyə, hətta bunun üçün düşmən dəyirmanına su tökməyə başladı. Sosial şəbəkələr üzərindən ordumuzun uğurlarına kölgə salan, cəmiyyətdə çaşqınlıq yaradan, insanları qorxutmağa xidmət edən fikirlərin paylaşılması, o cümlədən orduya dəstək aksiyasından sui-istifadə edərək bir qrup insanın Milli Məclisin binasına soxulması antiazərbaycançı şəbəkənin ölkəmizdə həyata keçirmək istədiyi növbəti pozuculuq planının tərkib hissələri idi. Eyni anda xaricdə yaşayan Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digərlərinin “baş verənlərdə ermənilər yox, azərbaycanlılar, bizim diaspor və səfirliyimiz günahkardır” təbliğatına başlaması onu deməyə əsas verir ki, bu çıxışlar ermənilərin tapşırığı ilə həyata keçirilirdi. Bu çıxışları erməni mətbuatı geniş işıqlandırmağa və bizə qarşı istifadə etməyə başladılar. Necə ola bilər ki, adı çəkilən şəxslər eyni tezislərdən ibarət bəyanatları eyni anda verməyə başladılar? Çıxışlardakı cümlələr də eyni idi və bu fakt onların vahid mərkəzdən idarə edildiyini deməyə əsas verir. Dünənə qədər özlərini “vətən fədaisi”, “demokratiya uğrunda savaşan qəhrəman” kimi təqdim edənlər açıq və aydın anti-Azərbaycan, erməni mövqeyindən çıxış etdilər və Ermənistan mətbuatı və siyasi dairələri bundan geniş istifadə etməyə, milli maraqlarımıza zərbələr vurmağa başladılar. Lakin Azərbaycan Ordusunun möhtəşəm Qələbəsi, döyüş meydanındakı uğuru sosial şəbəkələrdəki bütün təxribatçı çağırışları alt-üst etdi. O cümlədən xalq-iqtidar birliyi və güclü Azərbaycan dövləti Milli Məclisə basqın edən, ölkəni xaosa sürükləmək istəyənlərin qarşısında keçilməz sipərə çevrildi. Bir daha sübut olundu ki, 1992-ci ildə Milli Məclisə hücum etməklə ölkəni anarxiyaya sürükləyən qaragüruh qruplar daha bu niyyətlərinə çata bilməzlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var.