KÖŞƏ

Taleh Bağırov

Azərbaycanın iqtisadi gücü erməni diasporunu çökdürür

12 mart 2020 20:22
4805

Sirr deyil ki, Azərbaycanın günü-gündən artan iqtisadi qüdrəti MDB məkanında kifayət qədər etibarlı tərəfdaşların ölkəmizlə əməkdaşlığı daha da dərinləşdirməsinə zəmin yaradır. Hazırkı proseslərin gedişatı göstərir ki, qarşıdakı dövr ərzində Ukrayna və Belarus kimi postsovet ölkələri ilə Azərbaycan arasında əlaqələr daha yüksək səviyyəyə çatacaq. Şübhəsiz həmin ölkələrlə münasibətlərin inkişafı müəyyən parametrlər baxımından Azərbaycan üçün də olduqca önəmlidir. Ən azından ona görə ki, torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan və erməni diasporu hər dəfə uğursuzluğa düçar olsa da bir çox ölkələrdə olduğu kimi, Ukrayna və Belarusun da Azərbaycanla əlaqələrinə xələl gətirmək üçün bütün imkanlardan maksimum istifadə edir.

Lakin bütün bu cəhdlərə baxmayaraq rəsmi Kiyev və Minskin Azərbaycana marağı getdikcə artmaqdadır. Yuxarıda da qeyd etdiyimiz kimi, bunun başlıca səbəblərindən biri Azərbaycanın getdikcə artan iqtisadi gücüdür. Artıq məlumdur ki, bu il Azərbaycan Ukraynaya qoyduğu sərmayə həcmini on qat artıraraq 1,5 - 2 milyard  dollar səviyyəsinə çatdırmaq niyyətindədir.

Azərbaycanın Ukranya üzərindən Belarusa neft göndərməyə hazırlaşması vəziyyəti bir qədər də ciddiləşdirir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) martın 20-də Belarusun “Belneftexim” konserninə neft nəqlinə başlamağı planlaşdırır. “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib ki, SOCAR Odessa limanına iki tanker neft nəql edəcək. Belarusa nəql ediləcək ümumi neft həcmi 160 min ton nəzərdə tutulub. Ukrayna Ali Radasının Energetika məsələləri üzrə Komitəsinin rəhbəri Andrey Qerus vurğulayıb ki, Azərbaycan neftinin Belarusa tədarükünü ucuzlaşdıracaq Odessa-Brodı neft boru kəmərinin istifadəyə verilməsi Ukrayna tərəfi üçün də əlverişli olacaq: “İnfrastrukturumuzun istifadə olunmasında maraqlıyıq. Söhbət həm qaz, həm də neft boru kəmərlərindən gedir. Əlbəttə, texniki detallar var, ancaq bu, həll oluna bilən məsələlərdir. Əsas odur ki, infrastrukturumuz həm Ukraynaya, həm də digər ölkələrə xeyir versin. Bütün bunların işə yaraması bizim maraqlarımıza uyğundur. Ümumi bir anlaşma baxımından Ukrayna, Azərbaycan və Belarus arasında əməkdaşlıq mövzusunda suallar yoxdur. Bu layihənin işləməsi üçün hər şey ediləcək”.

Xatırladaq ki, Belarus və Rusiya rəhbərləri 2020-ci ildə neftin satış qiyməti və vergitutma məsələləri ilə bağlı razılığa gələ bilməyib. Bu səbəbdən də alternativ olaraq neft almaq üçün bir neçə Avropa ölkəsinə, eləcə də Azərbaycana müraciət edib.

Göründüyü kimi, hər üç ölkə müştərək iş birliyindən qazanc əldə edəcək. Bundan başqa, Azərbaycan bu ölkələrlə ticarət əlaqələrini artırmaqla regionda öz mövqeyini daha da möhkəmləndirəcək.

Yaqut Ağaşahqızı
Biz birlikdə güclüyük!
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?