KÖŞƏ

Nurəddin Muğanlı

19 noyabr 2020 18:03
4604

Bura Vətəndir...

Bu gün bütün dünya Qarabağa Azərbaycan pəncərəsindən boylanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin bir il əvvəl "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" fikrini şanlı ordumuz 44 gün ərzində reallığa çevirib tarixi ədaləti bərpa etdi. Bəli, indi  Vətənimiz daha əzəmətli, millətimiz daha qürurlu, dövlətimiz daha qüdrətli, ordumuz daha yenilməzdir. Sağımız-solumuz doğma Vətən torpaqlarıdır, zaman bizim zaman, dövran bizim dövrandır...

Azərbaycan haqq savaşına qalxdığı gündən düşmən təslim olan günə kimi  bütün dünya  liderləri  yalnız Bakı vaxtı  ilə “işlədilər”, gözləri  Milli Ordumuzun cəbhəboyu apardığı uğurlu hərbi əməliyyatlara dikildi.  Silahlı Qüvvələrimiz əldə etdiyi tarixi  qələbə ilə  Azərbaycanın bir daha dünyanın güclü, inkişaf etmiş dövlətlərindən biri olduğunu təsdiqlədi. Böyük və yenilməz Ermənistan haqqında miflər dağıldı. Odlar yurdu Azərbaycanın  regionda həm  söz, həm də güc sahibinə çevrilmiş bir dövlət olduğunu etiraf edənlər də oldu, ordumuzun  modern silahlarla düşmənə endirdiyi sarsıdıcı zərbələrdən təşvişə düşənlər də... 

 Biz isə sadə Azərbaycan vətəndaşı  olaraq  arxa cəbhədə hər birimiz bacardığı qədər, imkanı daxilində ordumuza, əsgərlərimizə dəstək olmağa çalışdıq. Çünki ön cəbhədə  Vətən uğrunda ölüm-dirim savaşına qatılan oğullarımız hər dəfə yüksəkliklərdə üçrəngli bayrağımızı dalğalandıranda başımız ucalırdı, ruhumuz dirçəlirdi, hamımız eyni  hissləri keçirirdik,  eyni sevincə ortaq  olurduq. Bu hisslər bu gün də davam edir. Paytaxt Bakı Qarabağın mənəvi paytaxtı Şuşayla qolboyun olmaq üçün qollarını açıb. Şuşa şəhərinə şose yolun inşasına start verilməsi,  Ali Baş Komandanın Füzuli şəhərində, Xudafərin körpüsündə və Cəbrayıl şəhərində şanlı Azərbaycan bayrağını qaldırması xalqımızın möhtəşəm Qələbə sevincinə sevinc qatdı. Ona görə ki, Prezident İlham Əliyevin və birinci  xanım  Mehriban xanım Əliyevanın  işğaldan azad olunmuş ərazilərə səfəri Böyük Qələbəmizin rəsmiləşdirilməsi idi. Bu Qələbənin  əsas  müəllifləri  Vətən qarşısında öz vətəndaşlıq  borclarını layiqincə yerinə yetirən  cəngavər libası geyən mərd əsgər və zabitlərimizdir. Onlar şanlı zəfər tariximizin qızıl səhifələrinə öz qanları ilə imza atdıqca  bir millət olaraq qanımız duruldu. 30  ilə yaxın davam edən yüzminlərlə soydaşımızın yurd nisgilinə  son qoyuldu.   “Siz təcavüzkar Ermənistanı məğlub etməklə Türk millətinə də böyük hədiyyə etdiniz. Buna görə Sizə minnətdarıq.” Bu sözləri  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü,  Türkiyənin sabiq Xarici İşlər naziri Hikmət Çətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb. Qardaş Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın  “Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq” bəyanatı da “Bir millət, iki dövlət” fəlsəfəsinin əməli işdə təntənəsi kimi qürurvericidir.

İşğalçı Ermənistan sentyabrın 27-də başladığı müharibəyə 44 gün davam gətirə bilmədi. Xarici havadarlarına güvənən Ermənistan ordusu darmadağın edildi. Vətən  müharibəsi Azərbaycanın tam qələbəsi  ilə nəticələndi. İstər tək, istərsə  cüt  rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan «Numerologiya” elmində 44  rəqəmi şəxsiyyətin öz fiziki gücündən istifadə etməklə qarşı tərəfi susdurmağa cəhd göstərməsi kimi təhlil olunur. Bizım Muğan tərəflərdə  yolunu azmış  adama hədə-qorxu biçəndə deyərlər: “Sənə bir “toy” tutaram ki, 44 deyə-deyə qalarsan.”

Təbii  ki, “toy tutmaq” bizim folklorda  bəzən cəza anlamında  işlədilir. Bizim  Milli Ordumuz  da  elə  44 gün düşmənə  əməlli-başlı “toy” tutdu.  Bütün dünya, eləcə də Qarabağ və ətraf rayonlarımızın işğal problemini həll etməli olan beynəlxalq təşkilatlar 30 ilə edə bilmədiklərinin 44 gündə həll olunduğunun şahidinə çevrildi. Əsl toy və şənliklərin  isə Azərbaycan xalqının rəvayətlərində, qəhrəmanlıq dastan və nağıllarında 40 gün, 40 gecə davam etdiyindən bəhs olunur. Mənbələrdə göstərilir ki, sufi və hürufi təlimində təkcə hərflərin müqəddəsliyi deyil,  həm də rəqəmlərin rəmzi ilə kainatın sirlərini izah edirdilər. 4 rəqəmi  həm həyatın - od, su, hava, torpaq, həm də sufilərin və hürufilərin keçdiyi 4 müqəddəs yolla bağlıdır: şəriət, təriqət, mərifət və həqiqət.  

Həqiqət naminə  savaşan Azərbaycan əsgəri dinc əhalini qətlə yetirən, yaralıları  daşıyan təcili yardım  maşınlarına atəş açan  erməni əsgərindən fərqli olaraq müharibəni  kişi kimi, həm də  mərifətlə  apardığı  barədə hərbi ekspertlər çoxlu fikirlər söyləyirlər. Dünya  şahiddir ki, döyüş meydanında  düşmənin başına od yağdıran  Azərbaycanın Pilotsuz Uçuş Aparatları mülki obyektlərə və  tibbi xidmət nişanlı maşınlara atəş açmırdı. Bunu düşmənlər də etiraf edir.  Eduard Vartanyan adlı  erməni döyüçünün dediyinə görə, Cəbrayılda  erməni general təcili tibbi yardım maşınınına minərək döyüş  meydanından qaçıb.  Sonralar tibbi yardım  maşını ilə qaçmasına haqq qazandıran general  müxbirə etiraf edib ki, mən bilirdim ki, Azərbaycan əsgərləri   təcili yardım maşınına atəş açmayacaqlar.

Çox təəssüf  ki, bu gün dünyanın aparıcı informasiya vasitələrinin obyektivinin önündə sadə ermənilər belə  Azərbaycana aid ərazilərdə ekoloji terror törədirlər, Kəlbəcərdə istismar etdikləri evləri yandırırlar,  nadir ağacları kəsirlər, mal-qaranı güllələyirlər, su hövzələrini  zəhərləmək istəyirlər. Ən maraqlısı da budur ki, bunları görə-görə hələ də bəzi informasiya vasitələri qıcıq yaradırlar. 

Mən inanmıram  ki, dünyanın ən məşhur teatr və  kino aktyorları bu gün  tərk etdikləri evlərə od vuran, ağacları  kəsən,  mal-qaranı güllələyən,  suyu zəhərləyən i hər hansı erməninin rolunu oynaya bilsin. Erməni faşizminin xislətini bütün dünya tanımalıdır. Dünya  dərk etməlidir ki, 28 il əvvəl dədə-baba torpaqlarından didərgin salınan azərbaycanlılar təkcə evlərinin açarlarını özləri ilə götürmüşdülər. Bilirdilər ki, geç-tez  ora qayıdacaqlar.  Azərbaycan xalqının  ən sadə insanları  da, ordumuzun əsgər  və zabitləri də mifik nağıl qəhrəmanları deyil. Onlar Vətən ruhlu gerçək  əsərlərin qəhrəmanıdır. Şübhəsiz  ki,  Vətən müharibəsinin və arxa cəbhə  qəhrəmanlarının həyatı, onların Vətənə məhəbbəti, əsgər yoldaşlığı, dostluğu, xalqımızın  birliyi  və  başqa nəcib xüsusiyyətləri  tezliklə orta məktəb dərsliklərində də öz əksini tapacaqdır.